SUYUN NEFT LAYINA VURULMASI ÜÇÜN NASOS STANSİYALARININ ENERJİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI BARƏDƏ

Abstract
Məqalədə qeyri-məhsuldar elektrik enerjisi itkilərinin azaldılması hesabına suyun neft layina vurulmasi üçün nasos stansiyalarının enerji səmərəliliyinin yüksəldilməsi məsələlərinə baxılmışdır. Bu məqsədlə, həmin nasos stansiyalarında elektrik enerjisi işlədicilərinin strukturu araşdırılmış, qeyri-məhsuldar elektrik enerjisi itkilərinin daha çox olduğu elementlər müəyyən olunmuş, həmçinin nasos stansiyalarının iş rejimlərinin mövcud idarəetmə üsulları və onların təkmilləşdirilməsi yolları təhlil edilmişdir. Araşdırmalar göstərir ki, laya su vurulması üçün elektrik enerjisi istehlakı müasir neft yatağının enerji istehlakının 60%-ni təşkil edir. Eyni zamanda, neft hasilatında baş verən qeyri-məhsuldar elektrik enerjisi itkilərinin 55-60%-i lay təzyiqinin saxlanılması sisteminin payına düşür. Elektrik itkilərinin əksər hissəsi laya su vurulması üçün nəzərdə tutulmuş nasos aqreqatlarında baş verir ki, bu da onların elektrik intiqalının idarəetmə səviyyəsinin aşağı olması və uyğun olaraq, nasos qrupunun parametrlərinin hidravlik şəbəkənin parametrlərinə və neft yataqlarının işlənmə texnologiyasının dəyişən şərаitinə uyğunsuzluğu ilə izah olunur. Belə ki, istifadə olunan tənzimlənmə üsullarının əksəriyyəti yalnız tələb olunan suvurma həcmlərinin təmin edilməsinə yönəldiyindən, burada məsələnin energetik tərəfi nəzərə alınmır. Bu isə sistemdə elektrik enerjisi itkilərinin artmasına səbəb olmaqla yanaşı, nasos aqreqatlarının iş rejimlərinə nəzarət imkanlarını genişləndirməyə də imkan vermir. Bundan əlavə, nasos aqreqatlarının elektrik mühərriklərinin optimal gücünün müəyyən olunması da nasos stansiyalarının energetik və texnoloji səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin vacib hissəsidir. Lay təzyiqinin saxlanılması sistemində yüksək elektrik enerjisi itkisi probleminin qənaətbəxş həlli üçün nasos aqreqatlarının iş rejimlərinə nəzarət etmək üçün mövcud və yeni yanaşmaların təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, nasos aqreqatlarının məhsuldarlığının valın fırlanma tezliyinin dəyişdirilməsilə tənzimlənməsi üsulundan istifadə etməklə, həm nasos stansiyasının texnoloji imkanlarının genişləndirilməsinə, həm də qeyri-məhsuldar elektrik enerjisi itkilərinin minimuma endirilməsinə nail olmaq mümkündür. Tezlik tənzimləyicili elektrik intiqallarından istifadə olunması paralel işləyən nasos aqreqatları arasında yükün optimal paylanmasına imkan verir ki, bu da hidravlik və energetik xarakteristikaları fərqli olan nasosların birgə işi zamanı xüsusilə vacibdir. Beləliklə, mövcud nasos stansiyalarının modernləşdirilməsi və ya yenilərinin layihələndirilməsi zamanı, tezlik tənzimləyicili intiqallarda asinxron mühərriklərin rasional qidalanma sxemini müəyyən etməklə sistemin işləkliyini və etibarlılığını təmin etmək mümkündür. Açar sözlər: enerji səmərəliliyi, nasos stansiyası, lay təzyiqi, elektrik enerjisi, məhsuldarlıq, elektrik mühərriki.